İDMAN
Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatının açılışı olub
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Şağan İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Firudin Paşayev, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Beynəlxalq Turan Oyunları Komitəsinin sədri Fərid Əlizadə və alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazov çıxışlarında ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də inkişaf etdiyini vurğulayıblar. Qeyd edilib ki, alpaqut idman növü yeni yaranmasına baxmayaraq, ölkəmizdə onun qədim tarixi və zəngin ənənələri mövcuddur. Çıxışlarda alpaqutçuların əldə etdikləri nailiyyətlərin idmanın bu qədim növünün təbliği və inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra yarışın qadın iştirakçıları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə federasiya tərəfindən təltif edilib.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Sonra yarışlara start verilib.
Ölkə çempionatında 40 komandanın tərkibində 400-dən çox idmançı mübarizə aparır.
Yarış iki gün davam edəcək.