MƏDƏNİYYƏT
Altay Cengizer: Nizami Gəncəviyə həsr edilmiş bu tədbir böyük əhəmiyyət daşıyır VİDEO
Paris, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın böyük mütəfəkkiri, filosofu və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin belə geniş şəkildə qeyd edilməsi təşəbbüsünü alqışlayıram. Azərbaycan Prezidentinin cari il ölkənizdə “Nizami Gəncəvi İli” adlandırılması və böyük mütəfəkkirə həsr edilmiş tədbirlərin keçirilməsi çox vacib qərardır.
Bu fikirləri Türkiyənin UNESCO yanında daimi nümayəndəsi səfir Altay Cengizer qurumun mənzil-qərargahında Nizami Gəncəviyə həsr edilmiş tədbirdə AZƏRTAC-a müsahibəsində söyləyib.
“Mədəniyyət, ədəbiyyat sahəsindəki zənginliklərimiz kifayət qədər tanınmır. Bu baxımdan bu tədbir böyük əhəmiyyət daşıyır. Bu gün yaşanılan hadisələr çərçivəsində Nizaminin hələ XII əsrdə gender bərabərliyi ilə bağlı söylədikləri, necə humanist fəlsəfəyə uyğunlaşdırmasının, dövründəki vəziyyətlə bunu zənginləşdirməsinin UNESCO-da tanıdılmasının böyük əhəmiyyəti var. Bu gün türkdilli ölkələri özündə birləşdirən Türk Şurasına üzv dövlətlərin diplomatlarının da burada iştirak etməsi mühüm hadisədir”,- deyə A. Cengizer deyib.