CƏMİYYƏT


Alternativ enerjindən istifadə olunmaqla yaradılan kollektor bir ailəni isti su ilə təmin edə bilər

Bakı, 11 yanvar, G.Mahmudlu, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda çirklənmiş ərazilər, radiasiya problemləri ilə əlaqədar tədqiqatlar aparılır. Həmin ərazilərdən nümunələr götürülərək torpaq, hava, su, orada bitən bitkilərdə hansı dəyişikliklər getdiyi öyrənilir. Bundan əlavə radiasiyanın müsbət və mənfi təsirləri tədqiq edilir.

Bu barədə institutun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva AZƏRTAC-a müsahibəsində məlumat verib.

R.Mehdiyeva institutun ekologiya sahəsində gördüyü işlər barəsində məlumat verərək bildirib: “Radiobiologiya laboratoriyasında müxtəlif bitki toxumları qamma şüaları ilə şüalandırılır və nəticədə radiasiyanın bitkilərin geninə təsiri öyrənilir. Bundan əlavə, kauçuk radiasiya ilə modifikasiya edilir. Nəticədə rezinin istismar xüsusiyyətləri yüksəlir, daha bərk, fiziki təsirə qarşı dözümlü, aqressiv mühitə davamlı olur.

Abşeron yarımadasında neftlə çirklənmiş torpaqlardan, göllərdən nümunələr götürüb radiasiya ilə təsir etməklə aromatik karbohidrogenlərin radiasiyanın təsiri altında parçalanması öyrənilir. Həmin torpaq və göllər nəticə etibarilə Günəşin təsiri altındadır. Günəşin özü də ionlaşdırıcı radiasiyaya malikdir. Təsir nəticəsində ilk olaraq aromatik karbohidrogenlər parçalanır. Onun parçalanmasından hansı məhsulların yarandığı və insan orqanizminə zərərli və ya təsirsiz olması tədqiq edilir.

Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyasında Günəş, külək enerjisinin elektrik enerjisinə çevrilməsi məsələləri öyrənilir. İstilik, su elektrik stansiyaların ətraf mühitə təsirini nəzərə alaraq demək olar ki, alternativ enerjidən istifadə daha sərfəlidir. Maddi cəhətdən baha başa gəlir, ancaq hazırda əksər ölkələr buna üstünlük verirlər. Lakin alternativ enerji stansiyaları quraşdırarkən torpaq sahələri istifadəsiz qalır, səs diapazonu yüksək olur, fauna və floraya mənfi təsir göstərir. Buna baxmayaraq, neqativ təsirləri su, istilik elektrik stansiyalarına nisbətən azdır.

Abşeron rayonunda bağ evləri üçün yararlı olan Günəş və külək enerjisindən birgə istifadə etməklə laboratoriya qurğusu hazırlanıb. Həmin kollektor vasitəsilə suyu il ərzində ortalama 70 dərəcəyə kimi qızdırmaq olur. İnstitutun biologiya korpusunda olan həmin qurğu bir ailəni isti su ilə tam təmin edə bilər.

Laboratoriyada biokütlədən də enerji alınır. Qoz, fındıq qabığı, pambıq çöpləri yandırılır, hidrogen qazı alınır. Enerji kimi istifadəsi ekoloji cəhətdən təmizdir. Bundan başqa, biokütlədən külək və Günəşdən həm ayrı-ayrılıqda, həm də kombinə edilmiş şəkildə enerji alınmasının nəzəri məsələləri öyrənilir.

Radioprotektorlar laboratoriyası da ekoloji problemlərin həllinə töhfə verir. Bitki və heyvan radiasiyanın təsirinə məruz qalıbsa, protektorları onların orqanizminə daxil etməklə radiasiyanın zərərli təsirlərini aradan qaldırmaq üsulları tədqiq edilir.

Radioekologiya laboratoriyasında Azərbaycanın bölgələrinin torpaqlarında radionuklid tərkibi, həmin torpaqların kənd təsərrüfatı üçün yararlı olması öyrənilir və xəritələşdirilir. Ən son Pirallahı rayonunda elmi-tədqiqat işləri aparılıb.

Radiokimya laboratoriyasında Azərbaycan respublikasının müxtəlif ərazilərində, sular, transsərhəd çaylardakı radionuklidlərin növü, miqdarı təyin edilir. Transsərhəd çayların sularından, onun ətrafındakı bitki və torpaqdan nümunələr götürülərək çirklənmə dərəcəsi öyrənilir”.

R.Mehdiyeva qeyd edib ki, ətraf mühitin qorunmasına xidmət edən tədqiqatlar nəticəsində ərazilərin radiasiya təhlükəsinə məruz qalması müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.