İQTİSADİYYAT
Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə prioritet istiqamətlər müəyyənləşdiriləcək
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) 2015-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib.
ABOEMDA-nın mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə baş tutmuş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, həmçinin də Dövlət Agentliyinin 2016-2020-ci illər üçün Strateji fəaliyyət planı kollegiya iclasının əsas müzakirə istiqamətləri olub. Dövlət Agentliyinin sədri Akim Bədəlov qlobal iqtisadi böhran fonunda ölkəmizdə digər sahələrdə olduğu kimi alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı sahəsində də qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.
Agentliyin sədr müavini Cəmil Məlikov 2015-ci ildə layihələrin icrası ilə bağlı məruzə edərək Samux Aqro-Enerji Kompleksinin tikintisinin birinci mərhələsinin tamamlanması, “Pirallahı” günəş elektrik stansiyasının (GES) test rejimində işləməsi və “Sumqayıt” GES-in mərkəzi şəbəkəyə qoşulması və digər stansiyaların tikintisi barədə hesabatla çıxış edib.
Kollegiya üzvlərinin hesabatla əlaqədar çıxışları dinlənildikdən sonra A.Bədəlov bu sahənin inkişafı üzrə tədbirlər planına uyğun olaraq 2020-ci ilədək prioritet istiqamətlərin müəyyənləşdirilməsi, görüləcək işlərlə bağlı təkliflərin hazırlanması barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.