İQTİSADİYYAT
Altı ay ərzində Azərbaycanda 26,3 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib
Bakı, 24 iyul, Xatirə Cəfərova, AZӘRTAC
Carı ilin altı ayı ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 26,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
AZƏRTAC-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov bu ilin yanvar-iyun aylarında ölkənin sosial, iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Məlumat verilib ki, əlavə dəyərin 36 faizi sənayedə, 13,4 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,8 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 16,4 faizi digər sahələrdə yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 2765,1 manat olub. Ötən ilin birinci yarısı ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2 faiz artıb. Sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalında 14,1 faiz artım olub. Neft-qaz sektorunda isə əlavə dəyər 1,3 faiz artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən bu ilin yanvar-iyun aylarında 13,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox sənaye məhsulu istehsal edilib. Mədənçıxarma bölməsində məhsul istehsalı 2,1 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,9 faiz artmış, neft hasilatı isə 1,2 faiz azalıb.
Qeyd olunub ki, kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlayıblar. İyul ayının 1-nə olan məlumata görə, qarğıdalı da daxil olmaqla 2,1 milyon ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılıb. Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 14 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,3 faiz artıb.
Bildirilib ki, bu ilin yanvar-iyun aylarında əsas kapitala 7925,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 5096,2 milyon manatı və ya 64,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə aid olub. Əsas kapitala sərf edilmiş vəsaitin 4707,8 milyon manatı daxili vəsaitlər olub. Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 5833,5 milyon manat təşkil edib.
H.Bağırov bu ilin birinci yarısında ölkədə yaradılmış yeni iş yerlərinin sayının 59,9 minə, o cümlədən daimi iş yerlərinin sayının 48,8 minə çatdığını bildirib.
Qeyd olunub ki, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 109,6 milyon ton yük və 900,2 milyon nəfər sərnişin daşınıb. Ötən ilin eyni dövrünə nisbətən yük daşınması 1,5 faiz, sərnişin daşınması 3,8 faiz artıb. Yük daşınması hava nəqliyyatı ilə 11,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8 faiz, metro ilə 3,7 faiz, hava nəqliyyatı ilə 1,8 faiz artıb.
Bu İlin ötən altı ayında informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 771,8 milyon manatlıq xidmət göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artıb. Xidmətlərin 72,5 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 80 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən bu ilin yanvar-may aylarında dövlət büdcəsinə 6,4 milyard manat vəsait daxil olub və büdcədən 7,3 milyard manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 905,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 4,2 faizinə bərabər olub. Büdcə xərclərinin 3,7 milyard manatı iqtisadiyyatın inkişafına, 817 milyon manatı sosial müdafiə və sosial təminata, 753 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib.