CƏMİYYƏT


Altı ay ərzində Azərbaycanda 2 min 413 zəlzələ qeydə alınıb

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin altı ayı ərzində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 6 min 404 təkan qeydə alınıb. Onlardan 2 min 413-ü yerli (Azərbaycan ərazisi), 1492-si regional, 1350-si isə uzaq zəlzələlər olub. Bununla yanaşı, tək stansiya tərəfindən zəif 400 təkan qeydə alınıb.

Bu barədə AZƏRTAC-a mərkəzin informasiya şöbəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, büro tərəfindən, həmçinin 749 partlayış və 3 palçıq vulkanı qeydə alınıb.

Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ baş verib. Altı ay ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında müşahidə olunub. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıt şəhərində hiss edilib. Həmçinin Ermənistan ərazisində baş verən zəlzələ həmsərhəd rayonlarda 4-3 bala yaxın hiss olunub.

Bu ilin altı ayı ərzində Azərbaycan ərazisində baş verən və maqnitudası 3-dən yuxarı olan zəlzələlərin sayı 36-ya bərabər olub.

Qeydə alınan palçıq vulkanlarından sonuncusu iyulun 4-də Daşlı adasında baş verən palçıq vulkanı olub ki, həmin vulkanda püskürmənin hündürlüyü 500 metrə çatıb.

2021-ci ilin birinci yarısında Böyük Qafqazın cənub-şərq yamacında - Zaqatala-Balakən zonasında seysmiklik zəif, Şamaxı-İsmayıllı, Talış və Qusar-Quba zonalarında aktivlik yüksək olub. Ağstafa və Şahbuz ərazisində seysmikliyin yüksək olması müşahidə edilib. Kiçik Qafqazda, Xəzər dənizində və İran-Türkiyə sərhədində isə seysmiklik zəif olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.