CƏMİYYƏT
Altı ay ərzində Səbail rayonunda 1795 daimi iş yeri açılıb
Bakı, 19 iyul, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ötən 6 ay ərzində ölkədə əldə olunan uğurlar, həyata keçirilən layihələrdən danışıb.
Hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, cari ilin 6 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 9 milyard 147,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz çoxdur. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 169,9 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 22,7 faiz azdır.
2016-cı ilin birinci yarısında Səbail rayonunda çalışan işçilərin sayı 112 min 571 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 1350,1 manat olub. Bu isə keçən illə müqayisədə 23,9 faiz çoxdur. Altı ay ərzində Səbail rayonunda 1795 daimi iş yeri açılıb.
Hesabat dövründə rayon icra hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində 6 çoxmənzilli yaşayış binasının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatdırılıb. Məhəllə tam təmir olunub, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Həyətdə mini stadion tikilib, buraya süni örtük çəkilib, idman qurğuları və böyük şahmat lövhəsi və bir neçə əyləncə qurğusu quraşdırılıb.
Hazırda Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsində 3 yeni su anbarının tikintisi davam etdirilir. Həmçinin Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işlər aparılıb, küçənin 10 min kvadratmetr sahəsinə asfalt döşənib, mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min poqonmetr səki daşı düzülüb.
Azərbaycan Respublikası Prezidentinin ölkədə normal biznes mühitinin yaradılması və sahibkarlığın inkişafına dəstək göstərilməsinə dair tapşırıqlarının icrası ilə bağlı Səbail rayonunda müvafiq işlər həyata keçirilib.
Yığıncaqdakı çıxış və müraciətlərdə dövlətimizin başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.