CƏMİYYƏT
Altı ay ərzində milli parkları 24 mindən çox turist ziyarət edib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Ekoturizmin məqsədi təbiətdən zövq almaq, və onun qoynunda istirahət etməklə yanaşı, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə olunması və bioloji müxtəlifliyin qorunmasını təbliğ etməkdir. Milli parklar ölkədə ekoloji turizm sahəsinin inkişafı üçün əlverişli təbiət əraziləridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, altı ay ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara, ümumilikdə, 24 min 261 nəfər turist səfər edib. Onlardan 21 min 223-ü yerli, 3 min 38-i xarici vətəndaş olub. Ötən illərin altı ayı ilə müqayisədə turistlərin sayında artım qeydə alınıb.
Qeyd edək ki, hazırda ölkədə milli park statusuna malik doqquz qorunan ərazi var. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən104 turist marşrutu fəaliyyət göstərir. Turistlər ETSN-in rəsmi internet saytında “Elektron xidmətlər” bölməsinə daxil olub istədikləri milli parka online bilet əldə edə bilərlər. Həmçinin onların milli parklara girişinin asanlaşdırılması məqsədilə giriş məntəqələrində bilet satışı xidməti də həyata keçirilir.
Milli parklara daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün girişhaqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli qərarına əsaslanır və adambaşına iki manat təşkil edir. Altı yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və Milli Qəhrəmanlar giriş haqqından azaddırlar.