REGİONLAR


Altı ayda Ağcabədidə əsas kapitala 30 milyon 142,2 min manat investisiya yönəldilib

Ağcabədi, 8 avqust, AZƏRTAC 

Bu ilin birinci yarısında Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 212 milyon 426,1 min manat olub. Bu dövrdə 27 milyon 576,6 min manatlıq sənaye, 101 milyon 520,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 30 milyon 142,2 min manat investisiya yönəldilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə abadlıq-quruculuq işləri həyata keçirilib. Hazırda Ağcabədi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin, “ASAN xidmət” mərkəzinin, Salmanbəyli kəndində 432 şagird yerlik, Qaradolaq kəndində 264 şagird yerlik məktəb binalarının, Hüsülü kəndi ərazisində dənli bitki toxumlarının emalı müəssisəsinin, Boyat-Biləyən-Hacılar-Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır. Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Nəriman Nərimanov, Hüsü Hacıyev, Səməd Vurğun və Xəlfərəddin küçələrində abadlıq işləri davam etdirilir.

Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, 2019-cu təsərrüfat ilində rayonda 22 min 503 hektar sahədə buğda, 6672 hektar sahədə arpa becərilib, 105 min 322 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 36,1 sentnerdir. Rayon kümçüləri tərəfindən 1500 qutu ipəkqurdu bəslənilib və 54 ton 466 kiloqram yaş barama istehsal olunub. Hazırda rayonda əkilmiş 10 min 452,25 hektar pambıq sahəsində becərmə işləri, həmçinin digər kənd təsərrüfatı bitkilərinin istehsalı davam etdirilir.

Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil edilib, qazanılan uğurlardan danışılıb, mövcud problemlərin aradan qaldırılması yolları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.