İQTİSADİYYAT
Altı ayda Azərbaycanda 4 min 362 müəssisə və təşkilat yaradılıb
Bakı, 13 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında ölkədə 4 min 362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb. Onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11,0 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçiblər.
Həmin dövrdə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48 min 911 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.