REGİONLAR
Altı ayda İmişlidə 327 ton yun istehsal olunub
İmişli, 5 iyul, Mahir Babayev, AZƏRTAC
İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, qoyunçuluğun inkişafına da xüsusi diqqət yetirilir. Qoyunun əti, yunu və süd məhsulları bazarlarda yüksək qiymətə satıldığından rayonda təsərrüfatın bu sahəsinə maraq artır, sürülərdə qoyun-quzunun baş sayı çoxalır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 253 min 595 baş qoyun bəslənilir. Bu da ötən ildəkindən 579 baş çoxdur. Artıq qoyunçuluq təsərrüfatlarında yaz yun qırxımı başa çatıb. Fermerlər bəslədikləri qoyunlardan ümumilikdə 327,6 ton yun qırxıblar. Hər qoyundan 1,8 kiloqram yun əldə edilib. Ötən il isə bu rəqəm 1,7 kiloqram olub.
Ayrı-ayrı fərdi təsərrüfatlarda isə yun istehsalı daha yüksəkdir. Rayonun Cavadxanlı kənd sakini, fermer Əliqismət Fətullayev yun istehsalında daha yüksək nəticə əldə edib. O bəslədiyi 6763 baş qoyunun hər birindən 2 kiloqram yun götürüb.