CƏMİYYƏT
Altı ayda “Sovetski” adlanan ərazidə 122 daşınmaz əmlak sahibi ilə alqı-satqı həyata keçirilib
Bakı, 14 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Yasamal Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraflı müzakirə olunub. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
İclasda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonda istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində qazanılan uğurlardan danışıb. Bildirib ki, Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastrukturu təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Rayonda “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 2 yaşayış binası bu ilin birinci yarısında sakinlərin istifadəsinə verilib.
Əziz Əzizov deyib ki, “Sovetski” adlanan ərazidən Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin əvvəlindən başlayaraq sakinlərin köçürülməsi kimi irimiqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq başa çatıb. 2018-ci ilin birinci yarısında 303 ünvan üzrə yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilib, sənədlər alqı-satqı əməliyyatlarına təqdim olunub, 122 daşınmaz əmlak sahibləri ilə alqı-satqı həyata keçirilərək vəsait ödənilib. Razılaşma əldə edilməsi mümkün olmayan 22 nəfər mənzil sahiblərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunub.
Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə edilib.