İQTİSADİYYAT


Altı ayda dövlət büdcəsinin mədaxili 14,2 milyard manat, xərcləri 12,9 milyard manat olub

Bakı, 5 iyul, AZƏRTAC

Cari ilin ilk altı ayında Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 14 milyard 205,5 milyon manat, xərcləri 12 milyard 936,6 milyon manat olub, 1 milyard 268,9 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Hesabat dövründə dövlət büdcəsinin mədaxili 14 milyard 205,5 milyon manat və ya altı aylıq proqnoza qarşı 973,7 milyon manat (7,4 faiz) çox icra olub. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 450,5 milyon manat və ya 20,8 faiz çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 482,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2 milyard 64,7 milyon manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 140,1 milyon manat və ya 49,3 faiz çoxdur. Həmin vəsaitin 67,6 faizi və yaxud 4 milyard 381,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 206 milyon manat və ya 38 faiz çox olub.

Bu ilin ilk altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 539,7 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 472,3 milyon manat və ya 22,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 501,5 milyon manat və ya 24,6 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 371,5 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 95,1 milyon manat və ya 34,4 faiz çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 164,2 milyon manat vəsait köçürülüb.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 6 milyard 360 milyon manat məbləğində transfertə qarşı 4 milyard 648 milyon manat məbləğində transfert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1 milyard 712 milyon manat və ya 26,9 faiz az istifadə olunmasına imkan verib. 2022-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 7 milyard 195,9 milyon manat icra olunub. Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 376,7 milyon manatdan 892,2 milyon manat artıq olmaqla 1 milyard 268,9 milyon manat təşkil edib.

2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 12 milyard 855,1 milyon manat proqnoza qarşı 12 milyard 936,6 milyon manat və ya 100,6 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 346,1 milyon manat və ya 11,6 faiz çoxdur. Cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 8 milyard 714,1 milyon manatı və ya 67,4 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 59,2 milyon manat və ya 13,8 faiz çox), 3 milyard 434,8 milyon manatı və ya 26,5 faizi əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 382,7 milyon manat və ya 12,5 faiz çox), 787,7 milyon manatı və ya 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 95,8 milyon manat və ya 10,8 faiz az) yönəldilib.

Cari ilin ilk altı ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,8 faizini (2021-ci illə müqayisədə 0,7 faiz-bənd çox) təşkil etməklə 5 milyard 799,8 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 688 milyon manat və ya 13,5 faiz çoxdur.

2022-ci ilin ilk altı ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 65,2 faiz və ya 960,6 milyon manat (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir.), təhsil xərclərinə 40,6 faiz və ya 553,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 36 faiz və ya 26,3 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 29,3 faiz və ya 22,8 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 18,6 faiz və ya 160,1 milyon manat, kənd təsərrüfatı xərclərinə 15 faiz və ya 62,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 13,1 faiz və ya 21,2 milyon manat, səhiyyə xərclərinə 2,5 faiz və ya 20,4 milyon manat çox vəsait yönəldilib. Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 307,1 milyon manat icra olunub. Cari ilin ilk altı ayında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

2022-ci ilin ilk altı ayında icmal büdcənin gəlirləri 18 milyard 149,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 820,8 milyon manat və ya 18,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 14 milyard 343 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 590,6 milyon manat və ya 12,5 faiz çoxdur.

Cari ilin ilk altı ayında icmal büdcədə 3 milyard 806,7 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 230,2 milyon manat və ya 47,7 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.