İQTİSADİYYAT
Altı ayda məcburi dövlət sosial sığorta ödənişləri üzrə proqnoza 114,7 faiz əməl olunub
Bakı, 28 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1 milyard 489,4 milyon manat proqnoza qarşı 1 milyard 708,2 milyon manat vəsait daxil olmaqla proqnoza 114,7 faiz əməl edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, proqnozlaşdırılan məbləğdən çox toplanan vəsait 218,8 milyon manat təşkil edir. İlin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 milyon manat və ya 34,1 faiz çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 milyon manat və ya 51,3 faiz, qeyri-büdcə sektoru üzrə 198,9 milyon manat və ya 24,4 faiz çox olub.
İşsizlikdən sığorta haqları üzrə ilin birinci yarısında 53,6 milyon manat proqnoza qarşı 58,5 milyon manat vəsait daxil olmaqla, proqnoza 109,2 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən çox toplanan vəsait 4,9 milyon manat təşkil edir. Cari ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 milyon manat və ya 24,5 faiz çox olub. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 milyon manat və ya 45,3 faiz, qeyri-büdcə sektoru üzrə 5,8 milyon manat və ya 16,8 faiz çoxdur.
Sosial yığımların ödənilməsi sahəsində aparılan islahatlar Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığının da azalmasına şərait yaradıb. Əgər 2017-ci ildə dövlət büdcəsindən fondun büdcəsinə ödənilən transfertin onun gəlirlərində xüsusi çəkisi 38,2 faiz təşkil edirdisə, 2019-cu ildə sosial yığımların hesablanması və ödənilməsinə nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsinə başladıqdan sonra, bu göstərici 28,7 faizə enib.