CƏMİYYƏT
Altı ayda narkotiklərlə mübarizə sahəsində 1853 fakt aşkarlanıb
İlin birinci yarısında qanunsuz dövriyyədən 1,6 tonadək müxtəlif növ narkotik vasitə müsadirə olunub
Bakı, 23 iyul, AZƏRTAC
Bu ilin altı ayında ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
Dövlət Komissiyasının İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, cari ilin altı ayında narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 1853 fakt aşkarlanıb. Onlardan 525-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 585 kiloqram 686,765 qram müxtəlif növ narkotik vasitələr, o cümlədən 6958 çətənə kolu müsadirə edilib.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 510 kiloqram 752,924 qramını marixuana (32,2 faiz), 199 kiloqram 523,602 qramını tiryək (12,6 faiz), 803 kiloqram 880,072 qramını heroin (50,7 faiz), 51 kiloqram 356,945 qramını həşiş (3,2 faiz), 16 kiloqram 215,884 qramını digərləri (1 faiz), 2 kiloqram 886,845 qramını psixotrop maddələr (0,2 faiz), 2510,732 prekursorlar (0,1 faiz), o cümlədən 2 kiloqram 256,4 qramını güclü təsir edən maddə, 1 kiloqram 480,2 qramını zəhərli maddələr, 0,01 qram Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon Mydrax 100 faiz və 4961 ədəd həb təşkil edib.
Həmçinin Daxili İşlər Nazirliyinin (DİN) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 384 hektar 44 sot ərazidən 78 ton 883 kiloqram 897 qram (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
Cinayət məsuliyyətinə 1287 nəfər cəlb olunub. Onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvəllər cinayət törədiblər, 10-u əvvəllər xüsusi qeydiyyatda olub. Habelə onlardan 1271-i kişi, 16-sı qadın, 35-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbilərdən 19-u İran, 6-sı Rusiya, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə İrlandiya vətəndaşıdır.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2017-ci il dekabrın 31-nə olan məlumatına əsasən, Mərkəzdə 30 min 131 nəfər qeydiyyatda olub. Onlardan 25 min 139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 min 38 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.
Səhiyyə Nazirliyi QİÇS ilə Mübarizə Mərkəzinin məlumatına əsasən, ilin altı ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 306 nəfər olub. Onlardan 298-i (97,4 faiz) Azərbaycan vətəndaşı, 8-i (2,6 faiz) isə əcnəbilərdir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2018-ci il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülüb. Onlardan 6833-ü (96,8 faiz) Azərbaycan vətəndaşı, 228-i (3,2 faiz) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7 faiz) kişi, 1924-ü (27,3 faiz) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 7061 nəfərdən 3103-də (43,9 faiz) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2250 (72,5 faiz) nəfər dispanser qeydiyyatındadır. İyulun 1-nə antiretrovirus terapiyaya (ART) cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4568 nəfər təşkil edib. Həmin şəxslərin 1853-ü inyeksion narkotik istifadəçisi olub. Cari ilin altı ayında isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində inyeksion narkotik istifadəsi aşkarlanıb.
Cari ilin ikinci rübündə DİN tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7710 nəfər keçib. Onlardan 902 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 447 nəfər istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb.
Həmçinin hesabat dövründə 810 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 183 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 627 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 262 xəstə müalicə alır. Onlardan 204 nəfəri Respublika Narkoloji Mərkəzində, 58 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.