CƏMİYYƏT
Altı ayda ölkə üzrə 234 qanvermə aksiyası aparılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri 234 qanvermə aksiyası keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyalar Mərkəzi Qan Bankında və Bankın Gəncə, Şəki, Bərdə, Mingəçevir, Quba, Şirvan və Lənkəran bölmələrində aparılıb.
Paytaxt və regionlarda 63 min 787 donorun iştirak etdiyi qanvermə tədbirlərində 29979,9 litr qan toplanılıb.
Qanvermə tədbirində iştirak edən donorun sağlamlığı əvvəlcədən yoxlanılır, infeksiya və xəstəliklərin olmadığı müəyyənləşdiriləndən sonra qan götürülür.
Tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olanların müalicəsində istifadə edilir.