ELM VƏ TƏHSİL


Altı mindən çox uşaq icma əsaslı məktəbəqədər təhsilə cəlb olunub

Bakı, 22 oktyabr, AZƏRTAC

“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində 32 rayon (şəhər) üzrə ümumilikdə 320 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, indiyədək 6197 nəfər 3 və 4 yaşlı uşaq icma əsaslı məktəbəqədər təhsil qrupunda təhsilə cəlb edilib. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş 320 tərbiyəçi bu qruplarda çalışır.

İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda, bu təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.

Mərkəzlərdə dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram üzrə aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. İcma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər. İyirmi nəfər üçün nəzərdə tutulan qruplarda məşğələlər 2-2,5 saat olmaqla həftədə 4 dəfə keçirilir.

Xatırladaq ki, layihə Təhsil Nazirliyi tərəfindən 2017-ci ildən reallaşdırılır. Layihə çərçivəsində 2018-ci ildə regionlar üzrə 50 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb. 2019-cu ildə əlavə olaraq 13 icma əsaslı məktəbəqədər təhsil qrupu açılıb. Cari ilin oktyabr ayından isə Təhsil Nazirliyi tərəfindən 257 ümumi təhsil müəssisəsində eyni sayda icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.