İDMAN
Altı ölkədən gimnastlar “Bakı 2019”un fərdi proqramında lentlə final yarışlarında çıxış edəcəklər
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında lentlə final yarışlarına 6 ölkədən idmançılar vəsiqə qazanıblar.
AZƏRTAC xəbər verir ki, həlledici mərhələdə Rusiyanı təmsil edən Dina Averina, Yekaterina Seleznyova, israilli Linoy Aşram, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Belarus idmançıları Anastasiya Salos, Alina Harnasko və ABŞ idmançısı Laura Zenq birincilik uğrunda yarışacaqlar.
Final yarışlarına bu gün saat 20:05-də start veriləcək.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır.