İQTİSADİYYAT


Altı ölkənin dəmir yolu operatorlarının toplantısı keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Bakıda “Asiya Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının iclası keçirilib.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov iştirakçı ölkələrin dəmir yolu idarələrinin marşrutun cəlbediciliyinin artırılması istiqamətində birgə əməkdaşlığından danışıb. Qeyd olunub ki, marşruta yüklərin cəlb edilməsi, ortaya çıxan problemlərin operativ həllinin sürətləndirilməsi istiqamətində səylərin birləşdirilməsi zəruridir.

Həmçinin altı ölkəni təmsil edən operatorlar tərəfindən Çinin Qaşqar şəhərindən Avropaya konteynerlərlə yükdaşımalar üzrə pilot layihə müzakirə edilib.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, dəhliz boyu yükdaşımaların səmərəliyinin artırılmasını, əməliyyatların optimallaşdırılmasını təmin edəcək rəqəmsal platformanın sınaq versiyası artıq hazırdır. Bu sahədə ixtisaslaşmış “UNİSER” şirkətinin hazırladığı platformanın test rejimində tətbiqi başlayır.

Toplantıda marşrutla bağlı məlumatların yer alacağı veb-səhifənin müzakirəsi də aparılıb.

Operatorlar marşrutun səmərəliyinin artırılması üçün tərəflərin iştirakı ilə Konsorsiumun yaradılmasının zəruriliyini vurğulayıblar, bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə qərar qəbul ediblər.

Xatırladaq ki, “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu 2019-cu ildə, “Azərbaycan Dəmir Yolları” QSC və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.