REGİONLAR
Altı şəhər bələdiyyəsinə böyük məbləğdə subvensiya vəsaiti ayrılsa da, gəlirlərində əsaslı artım müşahidə olunmayıb
Şirvan, 19 dekabr, A.Yavərzadə, AZƏRTAC
Bələdiyyə büdcəsinə gəlir gətirə bilən istehsal müəssisələrinin və xidmət sahələrinin yaradılması istiqamətində dövlət dəstəyi olaraq 2019-cu ildən başlayaraq dövlət büdcəsindən subvensiyaların ayrılmasına baxmayaraq, hələ də müsbət nəticələr əldə edilməyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında Assosiasiyanın sədri Təmraz Tağıyev hesabat məruzəsində söyləyib.
“Belə ki, şəhər bələdiyyələrinə 2019-cu ildə 773 min manat (Mingəçevir, Salyan və Göygöl bələdiyyələri), 2021-ci ildə 215 min manat (Bərdə və Tərtər bələdiyyələri), 2022-ci ildə 310 min manat (Yevlax bələdiyyəsi) – bələdiyyə büdcələri ilə müqayisədə kifayət qədər böyük məbləğdə subvensiya vəsaiti ayrılsa da, qeyd olunan bələdiyyələrin illik büdcə gəlirlərində əsaslı artım müşahidə olunmayıb. Bu baxımdan, subvensiya layihələrinin maliyyələşdirilməsi və icrası ilə bağlı Assosiasiya tərəfindən müvafiq dövlət orqanları ilə ciddi tədbirlərin görülməsi vacib məsələ kimi gündəmdə olmalıdır”, - deyə o əlavə edib.