CƏMİYYƏT
Altıağac Milli Parkının ərazisində yanğın söndürülüb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 28-də Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan və Altıağac Milli Parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin aviasiya dəstələrinin səyləri nəticəsində iyulun 30-da gecə saatlarında söndürülüb. Hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının söndürülməsində ETSN və FHN-in əməkdaşları əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə edərək xüsusi fədakarlıq göstəriblər. İlkin hesablamalara görə, yanğın təxminən 100 hektar ərazini əhatə edib və əsasən kol bitkiləri, xəzəl ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb. Yanğının baş verməsinə səbəbkar olanların müəyyən edilməsi, qanunauyğun qaydada cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödənilməsi istiqamətində Altıağac Milli Parkında müvafiq sənədləşmə işləri aparılıb və hüquq mühafizə orqanlarına müraciət olunub. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürünü bildirir.
Bu barədə AZƏRTAC-a ETSN-in əməkdaşı Faiq Mütəllimov məlumat verib.
“Təəssüf ki, Azərbaycanda yanğınlar əsasən antropogen təsirlərdən baş verir. Odla ehtiyatsız davranılması, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi, siqaret və kibritlərin meşə ərazilərində atılması, xüsusilə də biçənək sahələrinin yandırılması meşə yanğınlarına səbəb olur. Bir nəfərin ehtiyatsız, etinasız, məsuliyyətsiz və səhlənkar davranışı nəticəsində həm insanlar əziyyət çəkir, həm də flora və faunaya zərər dəyir. Artıq neçə gündür ki, Altıağac Milli Parkında baş verən yanğının söndürülməsində ETSN və FHN əməkdaşları var qüvvələri ilə çalışırlar. İnsan tələfatı olmasa da, fauna və floraya ziyan dəyib. Yanğına səbəb olanlar ciddi cəzalandırılmalıdır ki, digərlərinə örnək olsun. Eyni zamanda, yanğının söndürülməsində həmin əraziyə yaxın yaşayış məntəqələrində yaşayan sakinlərin köməyi də xüsusi rol oynayır. Hər kəsi bir daha təbiətdə olarkən odla ehtiyatlı davranmağa çağırırıq”, - deyə nazirlik rəsmisi qeyd edib.