SİYASƏT
Altınay Omurbekova: Qırğızıstan-Azərbaycan parlamentlərarası əlaqələri inkişaf edir
Bakı, 27 may, AZƏRTAC
Qırğız Respublikası Jokorku Keneşinin (parlamentinin) sədr müavini xanım Altınay Omurbekova bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan parlamentində keçən görüşdə Milli Məclisin deputatları – Cavanşir Feyziyev, Musa Quliyev, Çingiz Qənizadə və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov iştirak ediblər.
Altınay Omurbekova ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. O, 28 May - Respublika Günü ilə bağlı təbriklərini çatdırıb, qırğız xalqının Azərbaycana xüsusi məhəbbətinin olduğunu, ölkəmizin sürətli inkişafı ilə fərəhləndiklərini bildirib.
Milli Məclisin deputatı Cavanşir Feyziyev ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Səfir Hidayət Orucov ölkələrimizin qanunverici orqanlarının və parlament sədrlərinin sıx münasibətlərinin xoş təəssürat yaratdığını, səfirliyin bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də inkişafı üçün işləri davam etdirəcəyini vurğulayıb.
Sonra parlamentlərarası dostluq qruplarının həmsədrləri Musa Quliyev və Tazabek İkramov qarşılıqlı səfərlər, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
A.Omurbekova bu ilin iyul ayında Qırğızıstanda TÜRKPA-nın növbəti iclasının keçirilməsinin nəzərdə tutulduğunu və həmin iclasda Milli Məclisin sədri Oqtay Əsədovun iştirakından şad olacaqlarını bildirib.