İQTİSADİYYAT


Altıncı “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri təltif edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

“Caspian Energy Club”ın təşkil etdiyi, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı ilə keçirilən altıncı “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın 2022-ci ildə 50 ən tanınan brendi müəyyən olunub.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib.

Telman Əliyev müsabiqədə 200-dən artıq milli korporativ, xidməti və məhsul brendinin iştirak etdiyini deyib. Qeyd edib ki, səsvermədə müxtəlif ölkələrdən 19 min 802 respondent iştirak edib. Səsvermə zamanı şəffaflıq qorunub, belə ki, bir cihazdan yalnız bir dəfə səs vermək mümkün olub.

“Brand Award Azerbaijan” milli müsabiqəsi nəticəsində milli brendlərin geniş auditoriyalara çatdırılması və inkişafına nail olduq. Kiçik və orta biznes subyektlərinin tanınmasına şərait yarandı. Bununla yanaşı, müxtəlif şirkətlər öz rəqəmsal marketinq siyasətində yeniliklər tətbiq etdi, veb-saytlarını və məlumatlarını yenilədi, rebrendinq keçirdi və bu da onların məhsul və xidmətlərinin tanınmasına səbəb oldu. Bu “Brand Award Azerbaijan” layihəsinin əsas nailiyyətlərindən biridir. Bütün iştirak edən brendlərə təşəkkürümüzü bildiririk”, – deyə o bildirib.

Telman Əliyev vurğulayıb ki, “Brand Award Azerbaijan” və “Brand Award” ticarət nişanları dünyanın 50 ölkəsində “Caspian Energy Club”a məxsusdur.

O bildirib ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend 2023-cü ilin əvvəlində keçiriləcək “Brand Award International” müsabiqəsində iştirak edəcək.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.