MƏDƏNİYYƏT
Altıncı “Muğam televiziya müsabiqəsi” yeddi iddiaçının iştirakı ilə davam edir
Bakı, 6 iyun, AZƏRTAC
Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsi üzrə növbəti dinləmələr zamanı birinci onluğa daxil olan iddiaçılar böyük söz ustadı Molla Pənah Vaqifin qəzəllərinə müraciət ediblər.
AZƏRTAC xəbər verir ki, son həftəsini yaşayan müsabiqənin final mərhələsi üzrə növbəti dinləmələr zamanı qonaqlar əbədi musiqi olan muğamlarımızı dinləyərək klassik poeziyamızın daha bir maraqlı səhifəsinə səyahət etmiş olublar.
Həmişəki kimi, gənc xanəndələr bu dəfə də Vaqifin qəzəllərində cəmlənən lirikanı, obrazlar aləmini böyük sevgi ilə çatdıra biliblər.
Həmçinin muğamsevərlər gecədə böyük söz ustadının gözəl misralarını unudulmaz sənətkar, Xalq Artisti Həsən Turabovun Azərbaycan Radiosunun Qızıl fondunda saxlanılan ifasında dinləmək imkanı qazanıblar.
Eyni zamanda, köhnə nəslin xəfif bir kövrəkliklə xatırladığı, şirin avazlı xanəndə Səxavət Məmmədov layihənin retro hissəsində yad olunub.
Gecədə layihənin birinci onluğuna daxil olan bir-birindən istedadlı gənclər fərqli və dolğun ifaları ilə tamaşaçıların zövqünü oxşayıb.
Budəfəki müsabiqənin münsiflər heyətinin tərkibinə - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar İncəsənət Xadimi Nadir Axundov daxildir.
Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm nazirliyinin iştirakı ilə Mədəniyyəti Fondunun layihəsi əsasında keçirilən altıncı “Muğam televiziya müsabiqəsi” yeddi iddiaçının iştirakı ilə davam edir.