REGİONLAR
Altmış altı yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Quba, 14 may, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 46 kilometr uzunluğundakı yolun inşası iyun ayında başa çatdırılacaq. Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun 40 kilometrinə artıq asfalt döşənib.
Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində həyata keçirilir. Burada Vəlvələçay çayı üzərində qurulan 3 körpüdən ikisinin inşası başa çatıb. Çayqovuşan adlanan ərazidə tikilən sonuncu körpüdə isə işlərin 60 faizi yekunlaşıb.
Körpülərin tikintisi başa çatdıqdan sonra yolun qalan son 6 kilometrinə də asfalt döşənəcək.
İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir.
Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları tikilir.
Quba–Qonaqkənd avtomobil yolunun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.