CƏBHƏ XƏBƏRLƏRİ


Altmış beş yaşlı qusarlı polis döyüşə yollanmaq istəyən könüllülər sırasında VİDEO

Qusar, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbələr bütün vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Gəncindən yaşlısına kimi hər kəs könüllü şəkildə ordumuza qoşularaq yeni tariximizin yazılmasında iştirak etmək istəyir. 65 yaşlı Qusar şəhər sakini Hacıbala Hacıyev də ordu sıralarına yola düşmək istəyən könüllülər sırasındadır.

Hacıbala Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, cəbhəyə könüllü yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinə bir neçə dəfə müraciət edib. Əvvəlcə ona yaşının çox olduğunu deyərək imtina etsələr də, təkrar müraciətlərindən sonra könüllü kimi qeydiyyata alıblar.

90-cı illərdə Qarabağ uğrunda savaşın iştirakçısı olmuş Hacıbala Hacıyev indi 65 yaşının olmasına baxmayaraq fiziki cəhətdən tam sağlam olduğunu söyləyir.

Qırx il hüquq-mühafizə orqanlarında xidmət edən polkovnik-leytenant Hacıbala Hacıyev Qusar Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb. Təcrübəsinin döyüşlərdə ona kömək edəcəyinə inanan veteran döyüşçü gənclərlə eyni səngəri bölüşmək, bir tankçı olaraq düşmən üzərinə yerimək üçün alışıb-yandığını deyir.

Səkkiz nəvəsi olan Hacıbala Hacıyev bu gün Qusardan cəbhəyə yola düşən könüllülərin yola salınmasında iştirak edib. İndi isə özünün döyüşlərə yollanacağı günü gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.