ELM VƏ TƏHSİL
Alxantəpə yaşayış yeri haqqında kitab çap olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Tufan Axundovun “Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi” kitabı Azərbaycan və rus dillərində nəşr olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, kitabda Alxantəpə yaşayış yerində qazıntılar zamanı aşkar edilmiş tikili, məişət və təsərrüfat qurğuları, dəfn və inanclarla bağlı tapıntılar yer alıb. Nəşrdə, həmçinin aparılmış arxeoloji qazıntıların ardıcıl təsnifatı, qazıntı sahəsinin hər bir inşaat qatının planları və fototəsvirləri də verilib.
Bununla yanaşı, nəşrdə abidədə qazıntı zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələrinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji fondunda saxlanılan kolleksiyasının qrafik və rəngli fototəsvirləri, inventar siyahısı təqdim olunub.
Abidənin bu cür təqdimatının müsbət cəhəti ondadır ki, ilk növbədə, onu tam təqdim etməklə yanaşı, hər bir tədqiqatçının bilavasitə özünün qazıntının təsnifatı və əldə edilmiş kolleksiyaya əsaslanaraq fikir yürütməsinə zəmin yaradır.
Yeni nəşrdə müəllif Alxantəpənin təqdimatını tamamlayaraq qısa şəkildə Leylatəpə ənənəsi və Alxantəpə yaşayış yerinin bu ənənə daxilində yeri haqqında öz baxışlarını açıqlayır.
Nəsib Muxtarovun 2011-ci ildə tədqiq etdiyi Qala yeri Qaş yaşayış yeri haqqında qısa məlumat və əldə edilmiş bəzi materialların təsvirləri də kitaba əlavə olunub.
Müəllifin və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovanın redaktəsi ilə çap olunmuş kitab arxeoloqlar, tarixçilər və sənətşünaslar üçün nəzərdə tutulub.