ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu Beynəlxalq Türk-Qazax Universiteti ilə əməkdaşlığa başlayır VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, Əlyazmalar İnstitutunda keçirilən imzalanma mərasimində bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafına xüsusi önəm verdiyini bildirib.
Akademik Teymur Kərimli Əlyazmalar İnstitutunun fəaliyyəti, beynəlxalq əlaqələri, müəssisədə aparılan elmi araşdırmalar barədə ətraflı məlumat verib.
Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti Qəyyumlar Şurasının sədri, professor Musa Yıldız rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışıb, elmi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli iki müəssisə arasında əlaqələrin elmə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Sonra Əlyazmalar İnstitutu ilə Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Sənəddə iki qurum arasında onlara məxsus fondlarda qorunub saxlanılan, türk xalqlarının ortaq mədəni irsi hesab edilən türkdilli kitabların, o cümlədən qədim əlyazma və əski çap kitablarının tədqiq və təbliğ edilməsi, elmi-mədəni təcrübə mübadiləsinin aparılması və s. nəzərdə tutulur.