ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu illik hesabat verib

Bakı, 7 dekabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclas Əlyazmalar İnstitutunun 2017-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunub. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Əvvəlcə elmi müəssisənin bir qrup əməkdaşına – tarix üzrə elmlər doktoru Tahirə Həsənzadəyə, tarix üzrə fəlsəfə doktoru Samirə Cavadovaya və filologiya üzrə elmlər doktoru Nəsib Göyüşova yubileyləri münasibətilə Əlyazmalar İnstitutunun fəxri fərmanları və hədiyyələr təqdim edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli çıxışında 2017-ci ilin elmi müəssisə üçün əlamətdar və məhsuldar olduğunu bildirib. O, dövlətimizin başçısının qərar və sərəncamlarından irəli gələn vəzifələrin institutda müvəffəqiyyətlə yerinə yetirildiyini qeyd edib. Çıxışında institutun beynəlxalq münasibətlərindən bəhs edən direktor müavini bir il ərzində əlaqələrin miqyasının daha da genişləndiyini, bir sıra ölkələrin nüfuzlu elmi təşkilatları ilə müqavilələr imzalandığını vurğulayıb. A.Kəngərli institutun bir neçə əməkdaşının fəlsəfə və elmlər doktoru elmi dərəcəsi aldığını da diqqətə çatdırıb.

İclasda institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 2017-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O, hesabat ilində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında”, 2017-ci il 12 yanvar tarixli “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”, 2017-ci il 24 yanvar tarixli “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncamlarına uyğun olaraq institutda keçirilən tədbirlərdən danışıb. Dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına uyğun olaraq Əlyazmalar İnstitutunda “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı biblioqrafik göstəricinin hazırlanması işinin davam etdiyi bildirilib. Direktor müavini dövlət proqramlarının icrası ilə əlaqədar institutun şöbə və laboratoriyalarında yerinə yetirilən işlərdən də söz açıb.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, şöbə müdiri filologiya üzrə elmlər doktoru Azadə Musabəyli və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu hesabatla bağlı fikirlərini bildiriblər. İclasın qərarı ilə hesabat qənaətbəxş sayılaraq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.