CƏMİYYƏT
Əlyazmalar İnstitutu tələbə könüllülərlə əməkdaşlıq edir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bağlı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əlyazmaların tanınması və toplanması mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə müəssisənin gənc əməkdaşları, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin filologiya, şərqşünaslıq və tarix fakültələrinin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov bildirib ki, “Könüllülər ili” çərçivəsində bölgələrdə rast gəlinən əlyazmaların instituta gətirilməsi nəzərdə tutulur. Tədbirin məqsədi bölgələrdə yaşayan gəncləri, tələbələri bu istiqamətdə maarifləndirmək, onları əlyazmaların xüsusiyyətləri haqqında məlumatlandırmaqdır.
İnstitutun Əlyazmaların bərpası və gigiyenası laboratoriyasının müdiri Zaur Orucov iştirakçılara qədim kitab emalı üsulları, əlyazmaların xüsusiyyətləri, məxsus olduqları dövrlərin aşkar edilməsi, onların saxlanma və toplanma yolları haqqında ətraflı məlumat verib.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva belə bir təşəbbüsə qoşulmaq istəyən tələbə könüllülərə təşəkkürünü bildirib və bu istiqamətdə birgə əməkdaşlığın davam edəcəyini söyləyib.