ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda “Əbru sənəti və sirləri” kitabı çapdan çıxıb
Bakı, 27 fevral, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əbru sənəti və sirləri” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi elmi müəssisənin Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovdur. O, əbru sənətinin Azərbaycanda hələlik yeganə ustadıdır.
Kitaba “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Nəşrin elmi redaktoru türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu, məsləhətçisi isə ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovdur.
Nəşrdə qədim əlyazma kitablarının bədii tərtibatının tərkib hissəsi olan əbru sənətindən, onun incəliklərindən, tarixindən bəhs olunub.