ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunda Beynəlxalq Qızlar Günü qeyd olunub

Bakı, 10 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə bu elmi müəssisənin Qadınlar Şurasının növbəti iclası keçirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İclasda Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Qadınlar Şurasının sədri Aybəniz Əliyeva-Kəngərli, elmi işlər üzrə direktor müavini Paşa Kərimov, elmi katib, dosent Əzizağa Nəcəfov, institutun qadın alimləri və mütəxəssisləri iştirak ediblər.

Tədbirdə çıxış edən A.Əliyeva-Kəngərli deyib ki, Əlyazmalar İnstitutu tarixi bir binada - vaxtilə Qızlar Gimnaziyasının fəaliyyət göstərdiyi binada yerləşir. Hələ əsrin əvvəllərində böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev bu yolla gender bərabərliyinin aradan qaldırılmasına çalışıb. Avropadan xeyli öncə ölkəmizdə qadınlara seçmək və seçilmək hüququnun verildiyini xatırladan A.Əliyeva-Kəngərli bu gün Azərbaycan qadınlarının dövlətin ən yüksək orqanlarında çalışdıqlarını diqqətə çatdırıb.

Sonra institutun beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi Aynur Nəcəfova “Əlyazmalar İnstitutunun alim qadın və mütəxəssisləri” mövzusunda məruzə ilə çıxış edib.

P.Kərimov isə institutda qadınların fəaliyyəti ilə bağlı statistik məlumatları səsləndirib. O, institutun 250 işçisindən 204 nəfərin qadınlar olduğunu, bütün ictimai təşkilatlarda məsuliyyət yükünün onların üzərinə düşdüyünü bildirib.

Ə.Nəcəfov tarixdə qadınların rolu, dinimizdə və ədəbiyyatımızda onlara verilən dəyər, həyatımızda onların yeri haqqında öz fikirlərini bölüşüb.

Sonda Əlyazmalar İnstitutunun qadın əməkdaşlarının həyatından bəhs edən qısametrajlı “Qadınların iş saatı necə başlayır” filmi nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.