ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans keçirilib

Bakı, 24 iyun AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII respublika elmi konfransı keçirilib. Konfrans dahi şairin 650 illik yubileyinə həsr olunub.

Konfrans iştirakçıları əvvəlcə Əlyazmalar İnstitutunun ekspozisiya zalında Nəsimi yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Sərgidə institutun rəssamı Fəxrəddin Əliyevin Nəsiminin şeirlərinə çəkdiyi illüstrasiyalar və şairin əsərlərindən ibarət əlyazmalar nümayiş olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına əsasən 2019-cu ildə AMEA-da bir sıra tədbirlər keçirdiyini bildirib. Akademik vurğulayıb ki, Nəsimi irsinin araşdırılmasında indiyədək əhəmiyyətli tədqiqatlar aparılsa da, şairin poetikasının öyrənilməsinə böyük ehtiyac var və bu işi görə bilən ən doğru elmi qurum Əlyazmalar İnstitutudur.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Azərbaycan ədəbiyyatına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Vurğulanıb ki, Nəsimi yaradıcılığının araşdırılmasında Əlyazmalar İnstitutu ortaya dəyərli elmi tədqiqatlar qoyub və bu iş davam etdiriləcək.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, C.Qəhrəmanov Nəsimi əsərlərinin elmi-tənqidi mətninin tərtibi nəticəsində bir sıra mübahisəli məqamlar, şairə məxsusluğu dəqiqləşdirmə tələb edən şeirlər aşkara çıxarıb. C.Qəhrəmanov Nəsimi “Divan”ının elmi-tənqidi mətnini tərtib edərkən yalnız əsərlərin şeiriyyətinə, ideya və məzmununa fikir verməyib, şairin Azərbaycan ədəbi dilindəki rolunu, dilimizin inkişafındakı mövqeyini də diqqət mərkəzində saxlayıb. P.Kərimov digər nəsimişünasların fəaliyyətindən də bəhs edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yaqub Babayev “Nəsimi poeziyasında insan konsepsiyası” mövzusunda məruzəsində şairin poeziyasında kamil insan məsələsindən bəhs edib. Alim hürufilik fəlsəfəsinə əsaslanan insan və Allah rabitəsinin Nəsimi şeirlərində əks olunmasını nümunələrlə göstərib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Laləzar Əlizadə “Multikultural mühitdə formalaşan Nəsiminin poetik düşüncə tərzi, yaxud Nəsiminin “quş dili” mövzusunda məruzəsində Nəsiminin hürufi şair kimi öz zamanında bir çox mətləbləri açıq dillə söyləməsinin mümkünsüz olduğunu, ictimai-siyasi görüşlərini alleqorik ifadə tərzi olan “quş dili” vasitəsilə çatdırdığını söyləyib.

Daha sonra Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədlinin “Nəsimi və Əttarın “Ber aməd” rədifli qəzəllərinin müqayisəli təhlili”, Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevanın “İmadəddin Nəsimi şeirləri cünglərdə” mövzularında məruzələri dinlənilib.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.