ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi İli”nə dair görüləcək işlər müzakirə edilib
Bakı, 11 fevral, AZƏRTAC
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi İli” ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Sərəncamından irəli gələn məsələlərə həsr olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunda bu istiqamətdə vəzifələri həyata keçirmək üçün ilk növbədə işçi qruplarının yaradılmasının vacibliyini vurğulayıb. O, görüləcək işlər sırasında dahi şairin külliyyatının elmi tənqidi mətnlərinin ərsəyə gətirilməsi, akademik nəşrlərin çapı, ədibin institutun fondunda mühafizə olunan əsərlərinin nadir əlyazmalarından ibarət sərgisinin təşkili, “Nizami Gəncəvi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda konfransın keçirilməsi və sair tədbirlərin yer tutduğunu qeyd edib.
Yığıncaqda çıxış edən Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli N.Gəncəvinin avtoqraf əlyazmalarının günümüzə qədər gəlib çatmadığını, lakin “Xəmsə”yə daxil olan poemaların əlyazmalarının hər birinin müxtəlif şəhərlərə göndərildiyinin məlum olduğunu söyləyib.
“Nizami Gəncəvinin Əlyazmalar İnstitutunda olan üzü köçürülmüş ən qədim əlyazması XIV əsrə aiddir. Halbuki Əmir Xosrov Dəhləvi XIII əsrdə Nizami Gəncəvinin “Xəmsə”sinə cavab yazıb. Bu da onun daha qədim əlyazmasının mövcud olduğunu sübut edən faktdır. Buna görə də Nizaminin əlyazmalarının axtarılıb tapılması zəruri tədqiqat obyektidir”, - deyə T.Kərimli bildirib.
Akademik ölkədə karantin müddəti bitdikdən sonra şairin çox sayda əlyazmalarının olduğu ehtimal olunan Hindistana səfər etməyi təklif edib.
Sonra müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov çıxış edərək Nizami Gəncəvinin əsərlərinin Əlyazmalar İnstitutunda qorunan nadir əlyazmalarının rəqəmsallaşdırılması və elektron bazasının yaradılmasının vacibliyindən söz açıb. Bu mövzuda aparılan fikir mübadiləsində iştirak edən digər institut əməkdaşları artıq nadir əlyazmalarda olan təsvirlərin toplanmağa başlandığını söyləyib, elmi müəssisə tərəfindən “Nizami Gəncəvi “Xəmsə”sinin Bakı əlyazma nüsxəsi, “Nizami əlyazmalarının Bakı nüsxələri” adlı kitab-albom, “Nizami Gəncəvi – 880” adlı biblioqrafik göstəricinin əks olunduğu toplu və monoqrafiyaların nəşrə hazırlanacağını diqqətə çatdırıblar.