ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda gənc tədqiqatçılar üçün mühazirə təşkil edilib
Bakı, 18 mart, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov Elm Günü ilə əlaqədar gənc tədqiqatçılar üçün “Azərbaycan əlyazma kitabı” mövzusunda mühazirə oxuyub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Zaur Orucov mühazirəsində Azərbaycanın qədim əlyazma kitablarının bədii tərtibat xüsusiyyətlərindən, əbru sənəti və onun incəliklərindən danışıb, həmin kitablardan bir neçəsini nümayiş etdirib.
Mühazirə Əlyazmalar İnstitutunun əməkdaşları, magistrantları, gənc alim və mütəxəssisləri tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.
Tədbirdən sonra bir qrup gənc əməkdaş səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.