ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunun Qarabağa dair nəşrləri maraq doğurub

Bakı, 17 dekabr, AZƏRTAC

AMEA-da “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunan sərgidə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üçün də xüsusi pavilyon ayrılmışdı. Sərgidə Əlyazmalar İnstitutunun 2020-2022-ci illər ərzində nəşr etdirdiyi 24 adda kitab nümayiş olunub.

Bunu AZƏRTAC-a müsahibəsində institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfov söyləyib. O bildirib ki, sərgidə Əlyazmalar İnstitutu tərəfindən 2 monoqrafiya, 3 monoqrafik (Xurşidbanu Natəvana, Əbdürrəhim bəy Haqverdiyevə və Nəcəf bəy Vəzirova aid) məqalələr toplusu, 3 şəxsi arxiv təsviri (Qəmər bəyim Şeyda, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyevin arxivlərinin), akademik Teymur Kərimlinin “Şuşanamə”si və Sona Xəyalın “Qarabağım sinə dağım”, Zəfər tariximizi əks etdirən 2 bioqrafik nəşr (Şöhrət Səlimbəylinin “Azərbaycan tarixinin zəfər salnaməsi”, Əzizə Ələkbərovanın “Gəncənin zəfər elçiləri”), 2 biblioqrafiya (Paşa Kərimovun ön söz yazdığı “Xurşidbanu Natəvan”, Aybəniz Əliyeva-Kəngərlinin redaktor olduğu “Şuşa Əlyazmalar İnstitutunun əməkdaşlarının tədqiqatlarında) nümayiş olunub. Həmçinin sərgidə 2 elektron resurs (Yusif Günaydının “Üzeyir Hacıbəylinin publisistikası”, Tahirə Həsənzadənin tərtib etdiyi “Tarixə dair əski çap kitablarında Qarabağ” kataloqu) və institutun fondunda mühafizə olunan Şuşa şəhərinin ədəbi-mədəni mühitini əks etdirən 8 əsər (“Məhəmməd ağa Müctəhidzadənin “Əsərləri” və “Riazülaşiqin” təzkirəsi, Mirzə Xosrov Axundzadənin “Şuşa” mövzulu şeirləri, Pir Məhəmməd Qarabağinin “Mənaqibnamə”si, Cavanşir Ziyadoğlunun “Şirvanşahlar yurdu”, Əbdürrəhim bəy Haqverdiyevin “Məqalələr”i və s.) müasir əlifba ilə nəşr variantı və Qarabağın mədəni keçmişini əks etdirən 2 monoqrafiya (Səbinə Əhmədovanın “Qarabağ ədəbi-mədəni mühiti” və Aytən Hacıyevanın “XIX əsr Qarabağ ədəbi mühiti”) yer alıb.

Ə.Nəcəfov vurğulayıb ki, sərgi zamanı akademik Teymur Kərimlinin “Şuşanamə”si, Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi, Qarabağa dair monoqrafiyalar və Qəmər bəyim Şeyda, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyevin şəxsi arxiv materiallarından ibarət nəşrlər, Nəcəf bəy Vəzirov və Xurşidbanu Natəvan haqqında məqalələr toplusu iştirakçıların marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.