ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə ezamiyyətdə olublar
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyənin İstanbul şəhərində yerləşən Əhməd Hamdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanasında elmi ezamiyyətdə olublar.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova muzeyin ekspozisiyasında nümayiş olunan XX əsrdə İstanbulda yaşayıb-yaratmış türk ədiblərinin əlyazmaları və kitabxananın fonduna yeni daxil olan ən müasir ədəbiyyatla tanış olublar.
Alimlər ezamiyyət müddətində Ədəbiyyat Muzey Kitabxanasının kolleksiyasında qorunan əlyazma nüsxələri, miniatür nümunələri, əski çap kitabları və mətbuat materialları ilə də işləmək şansı əldə ediblər.