ELM VƏ TƏHSİL
“AmCham Azərbaycan” əqli mülkiyyət hüquqlarının müdafiəsinə hörmətlə yanaşır
Bakı, 16 may, AZƏRTAC
Əqli mülkiyyət hüquqlarının (ƏMH) qorunması Azərbaycan iqtisadiyyatı və onun sonrakı inkişafı üçün olduqca əhəmiyyətlidir. Bu hüquqların qorunma səviyyəsi ölkədə iqtisadiyyatın və biznes investisiya mühitinin qiymətləndirilməsi üçün əsas göstəricilərindən biridir.
“AmCham Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və onun üzv şirkətləri ƏMH-ə hörmət etməyi və onu qorumağı, həmçinin Azərbaycanda ƏMH-nin qorunması və tətbiqinin yaxşılaşdırılması üçün öhdəlik götürür.
Bu gün informasiya texnologiyalarının inkişafı əqli mülkiyyətin qorunması prinsiplərinin yenidən nəzərdən keçirilməsini tələb edir. Əqli mülkiyyətin kütləsi artdıqca, mütənasib olaraq müəlliflik hüququ sahiblərinin maraqlarının pozulması ehtimalı da artır. Texnoloji inqilabın yeni mərhələsinə qədəm qoyarkən, ölkələr innovasiyaları inkişafın əsas aparıcısı kimi dəyərləndirir və bu çərçivədə əqli mülkiyyət hüquqlarının qorunması texnologiya mütəxəssislərinin yeniliklərini və yaratma həvəslərini müdafiə edir.
“AmCham Azərbaycan” ƏMH-nin ciddi qorunmasını təmin etmək məqsədilə bütün müəssisələrin hüquqlarının qanunla qorunması, biznes və innovasiya üçün arzuolunan mühitin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən həyata keçirilən bütün təşəbbüsləri dəstəkləyir. Ticarət palatası hazırladığı sənədlərdə də müvafiq hüquqların müdafiəsinin rəqabətli bazar iqtisadiyyatının qurulması üçün əsas olduğunu qəbul edərək, ƏMH pozuntuları və kontrafakt halları ilə mübarizə mövzusunda tövsiyələrini ardıcıl olaraq təqdim edib. Amerika Ticarət Palatası Azərbaycan hökuməti və digər maraqlı tərəflər ilə Azərbaycanda ƏMH-nin qorunmasının təmin edilməsində əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirir.