CƏMİYYƏT
“AmCham Azərbaycan”ın nümayəndələri üçün “Əmək və Məşğulluq” altsisteminin təqdimatı olub
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri üçün “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) təqdimatı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “AmCham Azərbaycan”ın birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, Palataya üzv şirkətlərin və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəqəmsal məşğulluğa keçid sahəsində görülən və planlaşdırılan işlər barədə məlumat verib, rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyən edildiyini diqqətə çatdırıb.
Sonra ƏMAS-ın üstünlükləri və istifadəsi barədə təqdimat olub. Qeyd edilib ki, bu platforma ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidinə imkan verir.
Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanılması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.
Tədbir interaktiv sual-cavab sessiyası ilə davam etdirilib.