QAN YADDAŞI
Əmanətlərin Sığortalanması Fondunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondunda (ADIF) 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, Qanlı Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən fondun daxili audit xidmət rəisi Orxan Hüseynov bu günün istiqlal tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Faciədən bir gün sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşüb, SSRİ rəhbərliyinin ölkəmizdə həyata keçirdiyi qanlı cinayəti bütün dünyaya bəyan edib. Azərbaycan rəhbərliyinə qayıdışından sonra dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. Bir vaxtlar dünyanın quru hissəsinin altıdabirinə hökmranlıq edən nəhəng sovet imperiyasına qarşı çıxan Azərbaycan xalqı heç nədən çəkinmədən öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib.
Diqqətə çatdırılıb ki, keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədilib. Bu vəhşiliklər nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülüb, 744-ü yaralanıb, 841-i qanunsuz həbs edilib, 5 nəfər itkin düşüb. Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.