İQTİSADİYYAT
Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair müzakirələr aparılıb YENİLƏNİB
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasət müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarın təşkilində məqsəd əmanətlərin sığortalanmasının səmərəli həyata keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə və prinsiplər barədə fikir mübadiləsinin aparılmasıdır.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 milyon tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8 milyard 57,9 milyon manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5 faiz artaraq 8 milyard 580 milyon manata çatıb. Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1 faiz, manatla müddətli əmanətləri 11,6 faiz artıb.
“Əhalinin xarici valyutada tələb olunanadək əmanətləri 10,3 faiz artıb, xarici valyutada müddətli əmanətləri isə 11,3 faiz azalıb. Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir. Eyni zamanda, qeyri-maliyyə təşkilatlarının da depozitləri ilin əvvəlindən xarici valyutaya nisbətən manatla daha yüksək templə artır. Ümumilikdə, vergi-gömrük islahatları, nağdsız dövriyyənin artırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi və əmanətlərin sığortalanması sahəsində islahatlar bir-birini tamamlayır. Likvidlik dövriyyəsinin maliyyə-bank sektoruna cəlb edilməsi bu sahədə dayanıqlığın və iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının artmasına şərait yaradır. Bundan sonra da əmanətlərin sığortalanması sahəsində islahatlar ilk növbədə əhalinin maraqlarını təmin edəcək, rəqəmsal maliyyə və idarəetmə texnologiyalarının inkişaf etdirilməsi ilə maliyyə-bank sektorunu daha da gücləndirəcək”, - deyə V.Qasımlı qeyd edib.
Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvi Azərbaycan hökumətinin maliyyə sabitliyinin bərpası və ölkənin maliyyə təhlükəsizliyi sahəsində gördüyü tədbirləri, o cümlədən Əmanətlərin Sığortalanması Fondunun potensialının gücləndirilməsi sahəsində səylərini yüksək qiymətləndirib. Bununla bərabər, əmanətlərin sığortalanması sisteminin (DIS) beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün daha çox islahat tələb olunması və bu məqsədlə Dünya Bankının həmin vacib məsələdə Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirib.
Seminar zamanı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ölkədə Əmanətlərin Sığortalanması Sisteminin İnkişafı üzrə təqdimat edib. Təqdimatda Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti eləcə də əmanətlərin sığortalanması sahəsində institusional məsələlər, tam sığortalanma, risk əsaslı sığorta haqqı sistemi, ləğvetmə istiqaməti üzrə fəaliyyət barəsində məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Dünya Bankının mütəxəssisi Anjela Priqojina Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyanın (IADI) əsas prinsiplərinə riayət etməsi, Djurdjika Oqnyenoviç isə əmanətlərin tam sığortalanması sistemi sahəsində beynəlxalq təcrübə və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi imkanları barədə təqdimatlar ediblər.
Təqdimatların ardınca sual-cavab formatında davam edən seminar zamanı Dünya Bankı Qrupu və Əmanətlərin Sığortalanması Fondunun mütəxəssisləri Azərbaycanda və digər müvafiq ölkələrdə əmanətlərin sığortalanması sistemlərinin islahatı sahəsində təcrübə və çıxarılan dərsləri müzakirə ediblər. Bundan başqa Azərbaycanın əmanətlərin sığortalanması sisteminin islahatının həyata keçirilməsi üzrə tövsiyələr təqdim olunub.