REGİONLAR
Amarant - XXI əsrin mühüm kənd təsərrüfatı bitkisi
Tərtər, 9 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Heyvandarlığın inkişaf etdirilməsi və məhsuldarlığın artırılmasında yem təminatı mühüm rol oynayır. Odur ki, yeni yem bitkilərinin axtarılması və öyrənilməsi müasir dövrün aktual məsələlərindəndir. Belə bitkilərdən biri hazırda dünyada geniş tədqiq olunan və BMT-nin ərzaq komissiyası tərəfindən XXI əsrin mühüm kənd təsərrüfatı bitkisi kimi qəbul edilən amarantdır.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai AZƏRTAC-ın müxbiri ilə söhbətində amarant bitkisinin xüsusiyyətlərindən və əhəmiyyətindən danışıb. Bildirib ki, hazırda dünya üzrə amarant bitkisinin 65 cinsi, 900-ə qədər növü məlumdur və onlardan da 9-u Azərbaycan ərazisində yayılıb. Respublikamızda amarantın ən çox yayılan növləri qırmızıbaldır qaratərə, quyruqlu qaratərə, göyümtül qaratərə, süpürgəvarı qaratərə, geriqatlanan qaratərə və üçrəng qaratərədir.
Bu bitkinin kənd təsərrüfatının müxtəlif istiqamətlərində istifadəsi heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının rentabelli inkişafına, məhsul istehsalının artırılmasına əvəzsiz töhfə verə bilər. Amarantın yaşıl kütləsi bütün ev heyvanları üçün qüvvəli yemdir. Qida rasionuna bu bitkinin əlavə edilməsi heyvanların say artımına, əldə olunan məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinə və eyni zamanda, çəkilən xərclərin maya dəyərinin aşağı salınmasına müsbət təsir edir. Müşahidələr göstərir ki, əgər qida üçün ümumi yem məhsullarına 25 faiz amarant bitkisinin yaşıl kütləsi əlavə edilərsə, cücələrin inkişafı 2-3 dəfə tezləşir, mal-qaranın süd sağımı və süddə yağın miqdarı xeyli yüksəlir.
Bu bitki yüksək məhsuldarlığa və bol zülala malikdir. Hər hektardan 35-60 sentner dən, 2 min sentnerədək dəyərli və zülallı yaşıl kütlə yığmaq mümkündür. Bu qədər məhsul əldə etmək üçün 1 hektara cəmi 0,5-1 kiloqram toxum kifayətdir. Yaşıl kütlədən senaj, silos da hazırlanır. İribuynuzlu heyvanların yemləndirilməsində amarantın qarğıdalı və sorqo bitkisinin qarışığından hazırlanmış silosu böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, son illər ölkəmizdə amarantın faydalı xüsusiyyətləri, xüsusilə yemçilikdə əhəmiyyəti nəzərə alınaraq, bu bitkiyə olan maraq xeyli artıb. Hazırda Abşeron və Tərtər ərazisində təcrübə məqsədilə amarant bitkisi becərilir, tədqiqat işləri aparılır.