CƏMİYYƏT
Amazon meşələrində quraqlıq dövrlərində təxminən 270 milyon ton əlavə karbon qazı havaya buraxılıb
Bakı, 16 avqust, AZƏRTAC
Alimlər Amazon tropik meşələrində yaşanan dövri quraqlıqların karbon absorbsiyasına mənfi təsir göstərdiyini bildiriblər.
AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) laboratoriyasının beynəlxalq tədqiqatçıları Amazon meşələrində 2005-ci ildə müşahidə edilən quraqlığa dair araşdırma aparıblar.
Tədqiqatlardan bəlli olub ki, Amazon hövzəsində quraqlıq müşahidə edilən üç il ərzində təxminən 270 milyon ton əlavə karbon qazı havaya buraxılıb. Yer kürəsinin “karbon anbarı” kimi bilinən və dünyadakı yanacaq emissiyalarının onda birini absorbsiya edən tropik meşələrdə həmin proses quraqlıq dövrlərdə tərs gedərək xeyli miqdarda karbon qazının atmosferə atılmasına səbəb olub. Bununla yanaşı aparılan araşdırmalardan 2010 və 2015-ci illərdə yaşanan quraqlıq dövründə karbon qazının udulmasının da xeyli azaldığı da məlum olub.
Alimlər qeyd ediblər ki, quraqlıq dövrlərinin davam edəcəyi təqdirdə Amazon tropik meşələrinin quru tropik meşələrinə çevrilmə ehtimalı var.