DÜNYA


“Amazon” şirkəti Nyu-York barəsində planlarından imtina edə bilər

Vaşinqton, 9 fevral, AZƏRTAC

“Washington Post” qəzetində verilən məlumata görə, “Amazon” şirkəti Nyu-Yorkda özünün ikinci qərargahının kampuslarının tikintisi barədə planlarından imtina edə bilər.

AZƏRTAC həmin məlumata istinadla xəbər verir ki, şirkət rəhbərliyinin bu günlərdə keçirilmiş müşavirəsində Nyu-Yorkda qərargah tikintisi ideyasından imtina edilməsinin variantları və layihənin başqa şəhərlərdə reallaşdırılması üçün mümkün alternativlər müzakirə edilib.

“Amazon” şirkəti bu planını elan etdiyi vaxtdan bir neçə ay keçməsinə baxmayaraq, hələ də Kuinsdə və Lonq-Aylenddə öz layihəsi üçün ofislər almayıb və ya icarəyə götürməyib. Bu vəziyyətdə şirkətin öz öhdəliklərindən imtina etməsi çətin deyil. Lakin biznes-analitiklərin fikrincə, “Washington Post” qəzetinin də “Amazon” şirkətinin başçısı Ceff Bezosa məxsus olması faktını nəzərə alsaq, həmin məlumatlar Nyu-Yorkun hakimiyyət orqanlarına təsir göstərmək üçün qəsdən təşkil edilmiş “informasiya sızması” ola bilər.

Məsələ burasındadır ki, “Amazon” şirkətinin rəhbərliyi Nyu-Yorkun hakimiyyət orqanlarını astagəllikdə təqsirləndirir. Belə ki, Nyu-York ştatının qərarının ən tezi 2020-ci ildə qəti təsdiq ediləcəyi gözlənilir. Nyu-York ştatının və Nyu-York şəhərinin hakimiyyət orqanları tərəfindən anlaşılmazlıqla üzləşmiş şirkət bu vəziyyətdə öz layihəsini başqa yerdə reallaşdırmaq üçün variantlar araşdırır.

Xatırladaq ki, sözügedən layihədə “Amazon”un Nyu-Yorkda (Kuins və Lonq-Aylend rayonlarında) və Virciniya ştatının Arlinqton şəhərindəki Kristal-Sitidə ikinci qərargahı üçün iki kampus tikilməsi nəzərdə tutulurdu. Şirkət Nyu-Yorkda və Arlinqtonda on minlərlə iş yeri yaradılacağını vəd edirdi. Nyu-York ştatı orada işçilərin orta əməkhaqqı ildə 150.000 dollar olmaqla 25 min yeni iş yeri açılması şərti ilə layihəni stimullaşdırmaq üçün 1,525 milyard dollar vəsait ayırmışdı. Nyu-Yorkun yüzlərlə sakini bu sövdələşməni həmin rayondakı vergiödəyiciləri üçün əlverişsiz hesab edərək Lonq-Aylend-Siti küçələrində etiraz aksiyaları keçiriblər.

“Amazon” şirkəti öz planlarının dəyişdirilməsi barədə hələlik rəsmi bəyanatla çıxış etməyib.

Yusif Babanlı

AZƏRTAC –ın xüsusi müxbiri

Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.