ELM VƏ TƏHSİL
“Amazon” şirkəti dronların təhlükəsizliyini təmin edən xüsusi proqram hazırlayıb
Bakı, 5 dekabr, AZƏRTAC
“Amazon” şirkəti dronların mümkün qəzalarının qarşısını almaq və ya minimallaşdırmaq üçün uçan aparatlarını özünü məhvetmə sistemi ilə təchiz etmək qərarına gəlib.
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, dron-kuryerlər yalnız “Amazon”da deyil, digər şirkətlərdə də çatdırılma üsullarından birinə çevrildikdə onlar arasında qəzaların sayının artması gözləniləndir. Mütəxəssislər sexdə tez bir zamanda aparatı digər detallarla əvəzləməklə onun keyfiyyətli təmirini həyata keçirə bilsələr də, çatdırılma zamanı bunu etmək daha mürəkkəb olacaq.
Belə ki, xüsusi proqram təminatı aparat və onun ayrı-ayrı hissələrinin konstruksiyasının saz vəziyyətdə olub-olmadığını izləyəcək. Proqram nasazlığı aşkarlayaraq dronun zədələrinin xarakterindən asılı olaraq qərar qəbul edəcək, bort kompüterinə siqnal göndərəcək. Dron növbə ilə müxtəlif modulları ayıraraq sınmış elementi açacaq və ya havada hissələrə ayıracaq. Bu üsulla insan, heyvan və ya əmlaka dəyəcək zərəri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.