MƏDƏNİYYƏT


“Ambassador” jurnalında “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin rəhbərinin müsahibəsi dərc olunub

Müsahibədə Azərbaycanın tarixi və mədəniyyəti
barədə geniş məlumat yer alıb

Bakı, 12 mart, AZƏRTAC

Pakistanda nəşr olunan və 7 ölkədə yayımlanan “Ambassador” jurnalında "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyevin müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Malayziya, Sinqapur və İndoneziyada yayımlanan "Ambassador" jurnalına müsahibəsi zamanı Azərbaycanın tarixi və mədəniyyəti barədə geniş məlumat verib. O, ölkəmizin tarixi haqqında danışaraq bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub.

İslam Baxşəliyev sovet hakimiyyəti illərində Ermənistanda yaşayan soydaşlarımızın güclə Azərbaycana köçürüldüyünü qeyd edib. Bildirib ki, Sovet İttifaqının dağılması ərəfəsində Ermənistanda olan şovinist milliyyətçilər və xaricdə yaşayan erməni milliyyətçiləri Azərbaycanın torpaqlarına göz dikərək milli zəmində münaqişə yaratmağa nail olublar. Bu qədim torpaqlarda yaşayan 250 minə yaxın Azərbaycanlı zorla öz doğma yurdlarından qovulub. Bundan əlavə, Ermənistan hərbi birləşmələri və separatçı dəstələri xarici qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağ və onun ətrafında olan rayonların ərazisində yaşayan Azərbaycanları zorla öz doğma yurdlarından çıxarıblar. Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bildirilib ki, ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 760-dan çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid erməni hərbi birləşmələri tərəfindən tamamilə yerlə-yeksan olunub. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə 650 milyard dollardan çox ziyan dəyib. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanılıb.

Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Ancaq Ermənistan dövləti bu qətnamələrin tələblərinə məhəl qoymur.

İslam Baxşəliyev müsahibəsində xüsusi olaraq qeyd edib ki, bu böyük itkilərə baxmayaraq Azərbaycanda iqtisadiyyatının bütün sahələri uğurla inkişaf edir. O, zəngin etnik və dini müxtəlifliyə malik olan Azərbaycan Respublikasının demokratik, dünyəvi və çoxmillətli ölkə olduğunu qeyd edib.

Müsahib sonda mədəniyyət və sənətin müxtəlif istiqamətlərinin qədim dövrlərdən bəri ölkəmizdə yüksək səviyyədə inkişaf etdiyini bildirib və Azərbaycanın ənənəvi muğam musiqisinin, bədii ədəbiyyatının, klassik poeziyasının, memarlıq və dekorativ incəsənət nümunələrinin, o cümlədən xalça toxuculu sənətinin dünyada məşhur olduğunu qeyd edib.

O, sədrlik etdiyi “Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin yaranma tarixi barədə məlumat verərək bildirib ki, qurum 1999-cu ildən fəaliyyətə başlayıb və Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər arasında olan əqli və fiziki qüsurlu, işsiz, sənəti olmayan sosial vəziyyəti aşağı olan gənclərə dəstək vermək məqsədilə yaradılıb.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən Azərbaycan mədəniyyətini xarici ölkələrdə təbliğ etmək məqsədilə gənc rəssamların sərgilərini keçirir. İndiyə kimi Bolqarıstanda, Belçikada, Fransada, İtaliyada, İsveçrədə, Polşada, Çex Respublikasında, Macarıstanda, Böyük Britaniyada, Lüksemburqda, Birləşmiş Ərəb Əmirliklərində və Sinqapurda 19 sərgi keçirtmiş, bu sərgilərdə 340 rəssam şəxsən iştirak edib və onların 1668 rəsm əsəri nümayiş olunub. Məqsəd Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, Azərbaycan gənclərinin nə qədər istedadlı, vətənlərini sevdiklərini bir daha nümayiş etdirməkdir.

Qeyd edək ki, Azərbaycan gənc rəssamlarının bu yaxınlarda Sinqapurda keçirilmiş sərgisi bu ölkənin nüfuzlu KİV-lərinin diqqət mərkəzində olub. Belə ki, Sinqapurun məşhur 938NOW radiosu fevralın 11-də Azərbaycan gənc rəssamlarının sərgisinə 10 dəqiqəlik canlı efir vaxtı ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.