CƏMİYYƏT
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlığa başlayır
Bakı, 9 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) fəaliyyət sahələri üzrə əməkdaşlıq həyata keçirəcəklər. Bu məqsədlə qurum rəhbərləri Elşən Əsədov və Xalid Taimur Akram tərəfindən niyyət protokolu imzalanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər əmək bazarının tədqiqi, məşğulluq və sosial müdafiə məsələləri üzrə qarşılıqlı təcrübə mübadiləsini həyata keçirəcək, birgə seminar və konfranslar təşkili və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq edəcəklər.
2016-cı ildə təsis edilən CGSS təhlil və araşdırma yolu ilə siyasət və qərarların qəbul edilməsi prosesinə yardım edir. “Bir kəmər, bir yol” təşəbbüsü üzərində işləyən mərkəz geostrateji məsələlər, regional əməkdaşlıq, milli təhlükəsizlik strategiyası, beynəlxalq münasibətlər, milli və qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, qida təhlükəsizliyi, terrorizmlə mübarizə və s. məsələləri araşdırır.