CƏMİYYƏT


Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əsasən beş platformada fəaliyyət göstərir

Bakı, 5 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından iki il ötür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən mətbuat konfransında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov Observatoriyanın fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu il iyulun 4-də imzaladığı Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs olaraq yaradılıb. Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir. Ümumilikdə Milli Observatoriyanın fəaliyyəti əsasən monitorinq (müayinə, sorğu); analitik və intellektual mərkəz (“Beyin mərkəzi”); proqnoz, tədqiqat və təkliflərin diskussiyası və dialoq, tədris və təlim mərkəzi platformalarında təşkil olunub.

E.Əsədov əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsinin, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsinin Milli Observatoriyanın əsas vəzifələri sırasında olduğunu bildirərək deyib ki, Milli Observatoriyanın fəaliyyət istiqamətinə iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin, keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin təhlil edilməsi, bu əsasda cari və perspektiv proqnozların hazırlanması da daxildir. Milli Observatoriya, həmçinin iqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirə bilər.

Qurumun hazırda üç layihə üzərində işlədiyini qeyd edən Elşən Əsədov həmin layihələrin məqsəd və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, əlilliyi olan şəxslərlə bağlı Virtual İnnovasiyalar Parkı adlanan layihə əsasında həmin kateqoriyadan olan şəxslərin bərabər imkanlar əsasında məşğulluğu təmin olunacaq, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi həyata keçiriləcək.

Eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsi və işarə dilinin rahat öyrənilməsi üçün Milli Observatoriya tərəfindən hazırlanan Telegram bot haqqında da bəhs olunub. Mətbuat konfransında jurnalistlərə məlumat verilib ki, layihənin tətbiq olunması həmin şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək.

Müayinə Sorğu Sistemi layihəsi çərçivəsində isə müəyyən mövzular üzrə sorğuların aparılması, toplanmış məlumatların mobil tətbiq və ya veb-səhifə üzərindən sistemə göndərilməsi, əldə edilmiş məlumatların təhlil edilməsi və hesabatların hazırlanması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.