CƏMİYYƏT
Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda işçi qrupunun yeni üzvləri ilə tanışlıq olub. Həmçinin işçi qrupunun bu il üçün fəaliyyət planının üçüncü rüb üzrə hesabatı müzakirə edilib.
Fəaliyyət Planının “5.1.1 Biliyə əsaslanan məşğulluq” bəndi ilə bağlı işçi qrupun üzvləri tərəfindən təqdim olunan təkliflər, icra və Kommunikasiya Planının icra vəziyyəti ilə bağlı məsələlər nəzərdən keçirilib.
Korporativ idarəetmə sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun daha da inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs olunub. Qadınların peşə hazırlığı və əlavə təhsilinin stimullaşdırılması istiqamətində aparılan işlər və peşə təhsili sisteminin inkişaf edən iqtisadiyyatın və işəgötürənlərin tələblərinə uyğunlaşdırılması müzakirə edilib.
İclas zamanı işçi qrupun üzvlərinə məşğulluq xidmətlərinin avtomatlaşdırılması, məşğul əhaliyə dair reyestrin və vahid vakansiyalar bankının yaradılması sahəsində görülən işlər barədə məlumatlar verilib.