CƏMİYYƏT
Əmək bazarına çıxışın asanlaşdırılması məqsədilə gənclər üçün təlimlər keçirilir
Bakı, 6 dekabr, AZƏRTAC
Sumqayıt şəhər Məşğulluq Mərkəzində qeydiyyatda olan ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluq imkanlarının artırılması məqsədilə təlimlərə başlanılıb. İlk təlimə 16 nəfər gənc cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bir ay davam edən kurs zamanı gənclərə aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, işəgötürənlərlə əlaqələrin yaradılması və iş axtarma texnologiyaları öyrədiləcək. Onlar işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünü təqdim etmə, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s. üzrə zəruri bacarıqlar qazanacaqlar.
Təlimlərin digər rayon (şəhər) Məşğulluq Mərkəzlərində də davam etdirilməsi nəzərdə tutulur.